MƏDƏNİYYƏT
Bizim kino günlərinə start verilib VİDEO
Bakı, 20 noyabr, Türkan Abdullayeva, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə noyabrın 20-dən son illər çəkilən Azərbaycan filmlərinin -“Axınla aşağı”, “Nabat”, “Dərs” və “Yarımçıq xatirələr”in nümayişinə başlanılıb. Filmlər Nizami Kino Mərkəzi, “Park Cinema” və “28 Cinema” kinoteatrlarında nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Nizami Kino Mərkəzində “Bizim kino günləri – audiovizual məkanda peşəkarlıq” adlı layihə çərçivəsində tədbir keçirilib.
Layihə Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinə həsr olunur.
Tədbirdə layihənin ideya müəllifi, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bu tədbirin keçirilməsinin əsas məramının mətbuat nümayəndələri ilə birlikdə Azərbaycan kinosunda gedən prosesləri müzakirə etmək, onları yeni layihələr haqqında məlumatlandırmaq olduğunu söyləyib. O, son dövrlər çəkilən filmlərin müzakirə, təhlil və tənqid edilməsi məqsədilə media nümayəndələri ilə bir yerdə kinoklub yaradılması ideyasını irəli sürüb.
M.Hətəmov müasir Azərbaycan kino sənayesinin hazırkı mənzərəsi haqqında məlumat verib. Bildirib ki, incəsənətin ən çox tamaşaçı yığan sahəsi olan kinoda peşəkarlıq əsas tələblərdən biridir.
“Azərbaycanfilm” kinostudiyasının ətrafına yaradıcı, istedadlı insanların toplaşdığını vurğulayan M.Hətəmov 2014-cü ilin ölkəmizin kino sahəsi üçün uğurlu olduğunu, filmlərimizin 52 beynəlxalq festivalda təqdim edildiyini söyləyib. Bu festivallarda ekran əsərlərimiz bir sıra mükafatlara layiq görülməklə yanaşı, artıq müştərək filmlərin çəkilməsi barədə xaricdən təkliflər gəlib.
“Azərbaycanfilm” kinostudiyasında hazırda həyata keçirilən işlər barədə məlumat verən direktor qeyd edib ki, müxtəlif janrlarda ssenarilərin müzakirəsi gedir. Bununla yanaşı, bu il bir neçə layihələrin də icrasina başlanılıb. Bunlar “Nar” və “Köşk” filmləri, “Qarabağ” və “Qərbi Azərbaycan” layihələridir.
Diqqətə çatdırıb ki, xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri beş qısametrajlı filmdən ibarət ikinci kinoalmanax gələn ilin fevralında təqdim olunacaq. Üçüncü kinoalmanaxa isə müsabiqə elan ediləcək.
Sonra rejissor Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi nümayiş olunub.
Nümayişdən sonra layihənin müəllifləri, filmin yaradıcı heyəti və media nümayəndələri “Azərbaycan kinematoqrafiyasında ailə dəyərləri” mövzusunda müzakirələr aparıblar. Film haqqında müxtəlif fikirlər səsləndirilib, jurnalistlərin sualları cavablandırılıb.
Eyni zamanda tədbirdə yeni çəkilmiş Azərbaycan filmlərinin televiziyalarda, həmçinin paytaxtla yanaşı bölgələrdə kinoteatrlarda nümayişi məsələsi də müzakirə olunub.
Dekabrın 8-dək davam edəcək layihənin növbəti mərhələlərində, yəni digər üç filmin nümayişinə başlayanda görüşlər və müvafiq mövzular ətrafında fikir mübadiləsi nəzərdə tutulur.