REGİONLAR
Bizlərə əmanət qalan şəhid övladlarına qayğı göstərmək hər kəsin vətəndaşlıq borcudur
Göyçay, 1 iyun, AZƏRTAC
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Ağdaş Regional Mədəniyyət İdarəsinin və Göyçay Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Ağdaş Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən Göyçay Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində təşkil olunan tədbirdə Ağdaş, Göyçay və Ucar rayonlarından Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların övladları və ailə üzvləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı, Göyçay Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nərmin Xəlilova tədbiri açaraq bu əlamətdar günün təsis olunması haqqında ətraflı məlumat verib, balaca fidanların hərtərəfli inkişafı və maraqlarının qorunması məqsədi daşıdığını vurğulayıb.
Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova çıxış edərək şəhidlərimizin xatirəsinin əziz tutulduğunu, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşıldığını diqqətə çatdırıb, bunun hər kəsin vətəndaşlıq borcu olduğunu söyləyiblər. Çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə müxtəlif cizgi film personajlarının və şən klounların çıxışları uşaqlarda yüksək əhval-ruhiyyə yaradıb.
Sonda balacalara hədiyyələr verilib.