İQTİSADİYYAT
Biznes fəaliyyətində texnologiyanın tətbiqi imkanlarını araşdırmaq məqsədilə işçi qrup yaradılacaq
Bakı, 30 dekabr, AZƏRTAC
Biznes fəaliyyətində texnologiyanın daha geniş tətbiqi imkanlarını araşdırmaq məqsədilə işçi qrup yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Bildirilir ki, bu qrupun tərkibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, yaradılması nəzərdə tutulan Kiçik və Orta Sahibkarlıq (KOS) agentliyi, ticarət assosiasiyaları və zərurət yaranacağı təqdirdə, digər özəl təşkilatların nümayəndələri daxil olacaq. Qrupun iş planı, idarəetmə və əməliyyat modeli, fəaliyyətinin maliyyələşdirilməsi və büdcəsinin idarə edilməsi mexanizmi müəyyən ediləcək. Azərbaycanda fəaliyyət göstərən müəssisələrin rəqəmsal mühitə çevik və effektiv keçidini təmin etmək üçün “rəqəmsal keçid planı”nın hazırlanması və yerli rəqəmsal infrastrukturun inkişaf etdirilməsi işçi qrupun əsas fəaliyyət istiqamətlərini təşkil edəcək.
Bununla yanaşı, Azərbaycanda rəqəmsal texnologiyanı biznes fəaliyyətində uğurla tətbiq etmiş biznes subyektlərinin təcrübələrinin digər sahibkarlarla bölüşdürülməsi və bilik mübadiləsinə şərait yaradılması işçi qrupun fəaliyyət istiqamətlərinə daxil olacaq. İşçi qrup tərəfindən irəli sürülmüş planların və tədbirlərin tələb olunan səviyyədə həyata keçirilməsinə nəzarət etmək məqsədilə müvafiq indikatorlar hazırlanacaq və işçi qrupun fəaliyyətinə effektiv nəzarət üsulları tətbiq ediləcək.