İQTİSADİYYAT


Biznes inkubator üçün ilk iştirakçılar seçilmişdir

Bakı, 14 iyul (AZƏRTAC). Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorda fəaliyyət göstərəcək ilk iştirakçılar məlum olmuşdur.

İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə seçilmiş 15 iştirakçıya sentyabr ayından etibarən Bakı Biznes Mərkəzi tərəfindən hazırlanmış tədris planı və proqramları əsasında treninqlər keçiriləcək, müxtəlif məsləhət xidmətləri göstəriləcəkdir.

Məlumatda qeyd edilir ki, biznes inkubatorun yaradılmasında əsas məqsəd Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsidir. Pilot layihə kimi Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində 500 kvadratmetrə yaxın sahədə biznes inkubator yaradılmışdır. Burada sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə təsis sənədlərinin hazırlanması və sahibkarlıq subyekti kimi qeydiyyat, investisiya layihələri və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili və keçirilməsi, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması istiqamətləri üzrə xidmətlər göstəriləcəkdir.

Layihənin davamı olaraq, Balaxanı Sənaye Parkında, Sumqayıt Kimya Sənaye Parkında və Aran Regional İnkişaf Mərkəzində də biznes inkubatorların yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.