İQTİSADİYYAT
Biznes-inkubatorları əhatə edən elektron məlumat bazasının yaradılması məsələsi müzakirə edilib
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən biznes-inkubatorları əhatə edən elektron məlumat bazasının yaradılması məsələsi müzakirə edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, biznes-inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə aidiyyəti dövlət qurumlarının və biznes-inkubatorların idarəedicilərinin iştirakı ilə nazirlikdə yaradılmış əlaqələndirici komissiyanın iclası keçirilib.
İclasda biznes-inkubatorların inkişafının dəstəklənməsi istiqamətində nəzərdə tutulan tədbirlərin icrası, ölkədə fəaliyyət göstərən biznes-inkubatorları əhatə edən elektron məlumat bazasının yaradılması, onların qarşılıqlı fəaliyyətinin təşkili məsələləri üzrə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq, müvafiq tədbirlər planının hazırlanması məqsədəuyğun hesab edilib.