İQTİSADİYYAT


Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın işçi qruplarının müzakirələri keçirilib

Bakı, 30 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı işçi qrupların müzakirələri keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanması prosesi davam etdirilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün yeni imkanlar yaradılıb.

Bir neçə gün davam edən görüşlər zamanı Azərbaycanda həyata keçirilən islahat istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, bu islahatların əsas istiqamətləri müzakirə edilib və növbəti dönəm üzrə tədbirlər planından danışılıb. Həmçinin mütərəqqi tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması üçün ölkədə rəqabət mühitinin vəziyyətini təhlil etmək, sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsini təmin edəcək rəqabət mühitinin formalaşmasının vacibliyi vurğulanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən görüşlər zamanı işçi qrupların bundan sonra da davamlı fəaliyyət göstərməsi qərara alınıb.

Qeyd edək ki, "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli Sərəncamı ilə təsdiq edilib. Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələr hazırlamaq, onların hazırlanması və həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.