İQTİSADİYYAT


“Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma” mövzusunda tədbir təşkil edilib

Bakı, 11 oktyabr, Elvin Camalov, AZƏRTAC

Oktyabrın 11-də Azərbaycan Amerika Ticarət Palatası (AmCham) üzvləri üçün Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyevin iştirakı ilə "Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma" mövzusunda tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirə “AmCham”ın təxminən 100 üzvü və tərəfdaşı qatılıb.

“AmCham”ın icraçı direktoru Natəvan Məmmədova keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Daha sonra “AmCham”ın prezidenti Nuran Kərimov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd xarici investorları təmsil edən “AmCham” vasitəsilə xarici investisiyalı şirkətlərin Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması prosesinə yaxından cəlb etmək və onların fəaliyyəti üçün yaradılan əlverişli imkanlar barədə məlumatları çatdırmaqdır.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşmanın tətbiqi sahəsində görülən işlər və qarşıya qoyulan hədəflər barədə ətraflı çıxış edib. O vurğulayıb ki, biznes mühiti sahəsində yaranan praktiki məsələlərin vahid platforma (dövlət-biznes dialoqu) çərçivəsində həm dövlət qurumları, həm özəl sektor nümayəndələri, həm də biznes assosiasiyasiyalarının iştirakı ilə müzakirə olunması və bu sahədə həll yollarının birgə işlənilməsi hazırkı mərhələdə çox mühüm əhəmiyyət kəsb edir. V.Şıxəliyev bildirib ki, qeyd olunan platforma üzrə hazırlanan təkmilləşmə layihələri və təkliflər gələcəkdə uğurla tətbiq olunmaqla yanaşı, bütün tərəflərin maraqlarının nəzərə alınmasına imkan verir.

O, həmçinin qeyd edib ki, biznes nümayəndələrinin həm qanunvericilik, həm də inzibatçılıq üzrə təkmilləşmə layihələrinin hazırlanmasında bilavasitə və yaxından iştirak etməsi həm onların təkliflərinin vaxtında nəzərə alınmasına, həm qeyd olunan layihələrin qəbuluna qabaqcadan hazırlıqların görülməsinə, həm də onlar tərəfindən biznes prosesinin proqnozlaşdırılmasına geniş imkanlar yaradır. Diqqətə çatdırılıb ki, bu məqsədlə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya daxilində investisiya mühitinin təkmilləşdirilməsində maraqlı olan bütün tərəflərin rahatlıqla istifadə edə biləcəyi elektron kommunikasiya sistemi yaradılıb. Bu sistemin biznes islahatlarının hazırlanması, əlaqələndirilməsi və həyata keçirilməsi prosesinin institusionallaşdırılması və rəqəmsallaşdırılması, biznes islahatlarının hazırlanması və kommunikasiya prosesinə biznes nümayəndələri, beynəlxalq və yerli ekspertlər dövlət-biznes dialoqu platforması çərçivəsində daimi bərabərhüquqlu üzvlər kimi cəlb olunması və sair kimi bir sıra üstün cəhətləri var.

Tədbirin sonunda “AmCham”ın üzv şirkətlərinin nümayəndələrinin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.