İQTİSADİYYAT


Biznes ombudsmanı: Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırıblar

Tbilisi, 16 may, AZƏRTAC

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri (AZEBİ) Gürcüstanın Biznes ombudsmanı İrakli Lekvinadze ilə görüşüblər.

AZEBİ-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan şirkətlərinin rəhbərləri son vaxtlar “Keşikçidağ” (Davit Qareci) Məbəd-Kompleksi ilə bağlı yaranmış vəziyyətin fonunda sosial şəbəkələrdə Gürcüstandakı Azərbaycan şirkətlərinə qarşı aparılan çirkin kampaniyadan narahatlıqlarını dilə gətiriblər.

Bildirilib ki, bu cür kampaniya şirkətlərin fəaliyyəti ilə yanaşı, ölkələrimiz arasındakı münasibətlərə də ziyan vurur. Bu, həm də, Gürcüstan iqtisadiyyatına və Azərbaycan şirkətlərində fəaliyyət göstərən işçilərə mənfi təsir göstərir.

Biznes ombudsmanı İ.Lekvinadze sosial şəbəkələrdə Azərbaycan şirkətlərinə qarşı aparılan kampaniya cəhdlərini müşahidə etdiyini və bundan narahatçılıq keçirdiyini vurğulayıb.

O deyib: “Azərbaycandan olan iş adamları Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırıblar. Azərbaycanlı iş adamları Gürcüstanda uğurla fəaliyyət göstərir və onlara qarşı bu cür kampaniyalar yolverilməzdir”.

“Biz Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinə hər zaman dəstək verməyə hazırıq” – deyə, biznes ombudsmanı vurğulayıb.

Görüşdə Azərbaycan tərəfdən AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Levan Giorqadze, “Caspi Group LTD”dən Qaratel Allahverdova, “Azersun”dan Əlixan Əlizadə və başqaları iştirak ediblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.