CƏMİYYƏT
Biznes qurumlarının nümayəndələri sağlamlıq imkanları məhdud gənclərlə görüşüblər
Bakı, 31 oktyabr, AZƏRTAC
“Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində bir neçə aparıcı biznes strukturlarının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Onlar burada müxtəlif peşələrə yiyələnən fiziki məhdudiyyətli gənclərlə görüşüblər.
Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan mərkəz bu təbəqədən olan gənclərin yeni peşələrə yiyələnərək məşğulluq imkanlarına malik olmasında, ümumən onların sosial reabilitasiyasında və cəmiyyətə inteqrasiyasında xüsusi rol oynayır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müasir tələblərə uyğun şəraitin yaradıldığı müəssisəyə respublikamızın bütün bölgələrindən olan sağlamlıq imkanları məhdud gənclər cəlb edilir. Onların kompüter istifadəçisi və dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma kimi bir sıra peşələr üzrə bacarıqlar əldə etdikləri barədə qonaqlara məlumat verilib.
Peşə təlimi müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət ilə təmin olunurlar. Kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilir.
Bu il mərkəzə 181 nəfər, istifadəyə verildiyi vaxtdan indiyə qədər isə 1530 gənc cəlb olunub. Hazırda mərkəzdə 103 gənc peşə təlimi keçir.
Qonaqlar müəssisədə peşə hazırlığı üçün yaradılmış şəraiti nəzərdən keçirib, gənclərin səmərəli peşə hazırlığının təmin edilməsi üçün aparılan işlərlə, peşələrin tədrisi prosesi ilə yaxından tanış olublar. Sağlamlıq imkanları məhdud gənclərin müxtəlif tətbiqi sənət növlərində hazırladıqları əl işlərinə, habelə müəssisənin idman zalında boccia idman növü üzrə məşqlərə də baxış olub.
Biznes qurumlarının nümayəndələri gənclərin yiyələndikləri peşələr üzrə gələcəkdə məşğulluğunun, habelə hazırladıqları əl işlərinin satışının dəstəklənməsini diqqətdə saxlayacaqlarını və bununla bağlı səylərini əsirgəməyəcəklərini deyiblər.
BP şirkəti və onun tərəfdaşları tərəfindən maliyyələşdirilən “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq müstəvisində “British Council” tərəfindən icra olunur. Layihədə məqsəd əlilliyi olan şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarına malik olmaları üçün bacarıqlarının artırılmasıdır.