DÜNYA
“Black Lives Matter” hərəkatı İsveçdə növbəti etiraz aksiyası keçirib
Stokholm, 5 iyun, AZƏRTAC
İsveçdə “Black Lives Matter” (Qara talelər əhəmiyyətlidir”) hərəkatının növbəti etiraz aksiyası keçirilib.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, Krallığın ən iri şəhərlərindən olan Malmönün Ribersborq rayonunda keçirilməsi nəzərdə tutulan manifestasiya iyunun 4-də axşamçağı şəhərin mərkəzində baş tutub.
Koronavirusun yayılmaması üçün 50-dən çox insanın iştirakı ilə tədbirlər keçirilməsinin qadağan edilməsinə baxmayaraq, Malmödə keçirilən nümayişə yüzlərlə insan toplaşıb, nəticədə asayiş keşikçiləri mitinq iştirakçılarını qaydalara riayət etməyə çağırmağa məcbur olublar. Bununla belə, aksiya iştirakçılarının sayı artaraq, 1000 nəfərdən çox olub.
Yaranmış vəziyyətdə polislər koronavirusun yayılmaması üçün manifestantlardan dağılışmalarını xahiş ediblər. Sonda yerli polislər aksiyanı ləğv etməyə və iştirakçıları kiçik qruplara bölməyi qərara alıblar. Polis ilə qarşıdurmanın və güc tətbiq edilməsi hallarını qarşısını almaq mümkün olub.
Xatırldaq ki, bir gün əvvəl İsveçin paytaxtında da analoji aksiya keçirilib. Orada polis ilə nümayişçilər arasında kiçik toqquşmalar olub, nəticədə bir neçə nəfər saxlanılıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm