İQTİSADİYYAT
Blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin ilkin təqdimatı keçirilib
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) Blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin ilkin təqdimatını keçirib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması məqsədilə Mərkəzi Bank tərəfindən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihə fəaliyyət planına uyğun olaraq həyata keçirilməkdədir.
Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsi çərçivəsində pilot olaraq fiziki və hüquqi şəxslər üçün məsafədən bank hesablarının açılması funksionallığı tam olaraq rəqəmsallaşdırılmış və sistemin Beynəlxalq Maliyyə Korporasiyasının (IFC), Azərbaycan Banklar Assosiasiyasının (ABA) və bankların nümayəndələri üçün videokonfrans rejimində geniş təqdimatı keçirilib.
Videokonfransda cari ilin avqust ayında real istismara verilməsi planlaşdırılan sistemin funksional imkanları nümayiş etdirilib, o cümlədən sistemin gələcək inkişaf perspektivləri istiqamətində müzakirələr aparılıb. Layihənin realizasiyası nəticəsində fiziki və hüquqi şəxslər banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edə biləcək, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsinə ehtiyac olmayacaq və bununla da məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması təmin ediləcək. Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcək.