Bob Bləkmənə Milli Məclisin Fəxri medalı təqdim olunub
AzerTAg.az
Bakı, 25 may, AZƏRTAC
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmənə Milli Məclisin Fəxri medalı təqdim olunub.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bləkmən Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında parlamentlərarası əlaqələrin inkişafına və dövlətlərarası münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfələrə görə təltif edilib.
Fəxri medalı Bob Bləkmənə İcmalar Palatasının binasında keçirilən görüş zamanı Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanovla birlikdə təqdim edib.
Soltan Məmmədov Azərbaycanın haqlı mövqeyini daim müdafiə etdiyinə görə Bob Bləkmənə təşəkkürünü bildirib, parlamentlərarası əlaqələrin inkişafının iki ölkənin maraqlarından irəli gəldiyini qeyd edib.
Təltifə görə təşəkkür edən Bob Bləkmən bu ilin aprelində Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Milli Məclis rəhbərliyi ilə görüşünü yüksək diqqətin, iki ölkə arasında münasibətlərə verilən xüsusi önəmin nümunəsi kimi qiymətləndirdiyini vurğulayıb.
Söhbət zamanı səfir Elin Süleymanov Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini deyib. O, parlament üzvlərinin sıx əməkdaşlığının ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Görüş zamanı hər iki ölkə parlamentlərinin dostluq qrupları arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub.
Xatırladaq ki, Bob Bləkmən Britaniya parlamentində mütəmadi olaraq Azərbaycanı dəstəkləyən çıxışlar edib, ölkəmizdə çoxsaylı səfərlərdə olub. 2021-ci ildə Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Şuşa şəhərində və Füzuli rayonunda, 2023-cü ildə Ağdam rayonunda olub. O, dəfələrlə Ermənistanın işğalçılıq siyasətini qınayan bəyanatlarla çıxış edib.



Xəbərin mətnində orfoqrafik səhv var