DÜNYA
Bob Dilan Nobel mükafatı laureatlarının mükafatlandırılması mərasimində iştirak etməyəcək
Stokholm, 17 noyabr, Rauf Əliyev, AZƏRTAC
2016-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bob Dilan dekabrın 10-da İsveçin paytaxtı Stokholmda laureatlar üçün keçiriləcək mükafatlandırma mərasimində iştirak etməyəcək.
Bu barədə yerli KİV-lər ədəbiyyat üzrə Nobel mükafatı laureatlarını seçən İsveç Akademiyasına istinadla məlumat yayıb.
Bunun qeyri-adi olduğunu diqqətə çatdıran akademiya təmsilçiləri amerikalı məşhur yazıçı, mahnı sözlərinin müəllifi və ifaçısı, rəssam və kinoaktyor Bob Dilandan aldıqları məktubda onun dekabrın 10-da İsveçin paytaxtına səfər edə bilməyəcəyi barədə məlumat verdiyini deyiblər. Bununla yanaşı, Bob Dilan məktubunda Nobel mükafatı laureatı olmağın onun üçün böyük şərəf olduğunu və bu mükafatı şəxsən almaq istədiyini də qeyd edib.
Yerli jurnalistlər xatırladır ki, indiyədək ədəbiyyat üzrə Nobel mükafatını qəbul edən, lakin mükafatlandırma mərasimə qatılmayan 3 laureat olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm