CƏMİYYƏT


Boccia idman növü üzrə beynəlxalq yarışda medal qazanmış idmançılarımız ilə görüş keçirilib

Bakı, 2 noyabr, AZƏRTAC

Boccia idman növü üzrə paralimpiya komandamızın beynəlxalq yarışda ilk dəfə medal qazanması ötən dövrdə Azərbaycan paralimpiyaçılarının müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələrin bu idman növü üzrə də davam etdirildiyini göstərir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu sözləri İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda bir qızıl, üç bürünc medal qazanmış boccia üzrə milli komandanın üzvləri ilə keçirilən görüşdə vurğulayıb və ilk dəfə olaraq beynəlxalq səviyyəli yarışda uğur qazanmaları münasibətilə onları təbrik edib.

Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən ölkədə idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğı göstərilir. Dövlət başçısının uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, aktiv həyat tərzinin təmin olunması, idman qabiliyyətlərinin dəstəklənməsi üçün aparılan geniş miqyaslı işlər ölkədə paralimpiya hərəkatının böyük uğurlara imza atmasına imkan yaradıb.

Görüşdə son illərdə ölkəmizdə fiziki məhdudiyyətli insanların fiziki və zehni inkişafına kömək edən boccia idman növünə marağının artması müsbət tendensiya olduğu və ona dövlət tərəfindən ardıcıl dəstək verildiyi bildirilib. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşələrə yiyələnən fiziki məhdudiyyətli gənclər arasında bocciaya maraq göstərənlər bu idman növü üzrə hazırlığa cəlb olunur, bacarıqlarını artırmalarına şərait yaradılır. Boccia üzrə komandanın üzvləri Mərkəzin idman zalında müntəzəm məşqlər edir, yarışlara hazırlaşırlar.

Nazir qeyd edib ki, hazırda boccia üzrə millinin bir çox üzvləri, eyni zamanda, İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda ölkəmizə qızıl medal qazandırmış Bəhruz Mirzəyev də əvvəllər Mərkəzə peşə təliminə cəlb edilən gənclərdəndir.

Boccia Federasiyasının baş katibi və boccia üzrə millinin baş məşqçisi İlham Məhərrəmov, komandanın üzvü Bəhruz Mirzəyev və komandanın digər üzvləri fiziki məhdudiyyətli insanların qayğı mühiti ilə əhatə olunmasına və paralimpiya hərəkatının genişlənməsi, o cümlədən boccia idman növünün də inkişafı üçün aparılan mühüm işlərə, göstərilən böyük dəstəyə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə boccia üzrə millinin üzvlərinə nazirliyin hədiyyələri təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.