REGİONLAR
Boccia üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 8 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan Boccia üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlar və böyüklər arasında keçirilən yarış Ulu Öndərin əziz xatirəsinin yad edilməsi, sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiyası və boccia idman növünün inkişaf etdirilməsi məqsədi daşıyıb.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilikdə 26 paralimpiyaçı iştirak edib. Qaydalara əsasən, hər oyunda ən çox xal toplayan iştirakçı növbəti mərhələyə yüksəlib. Uşaqlar arasında Zəhra Məmmədova bütün rəqiblərini məğlub edərək muxtar respublika birincisi, Cəlal Mürsəlli ikinci, Mikayıl İsmayıllı isə üçüncü olub. Böyüklər arasında ən yaxşı nəticə Niyaz Hüseynova məxsusdur. O, finalda qardaşı Qafqaz Hüseynovu üstələyərək birinci pilləyə sahib çıxıb. Qaliblərin sıralamasında ilk üçlüyü tamamlayan bocciaçı Zakir Həsənov olub.
Mükafatlandırma mərasimində nazirliyin əməkdaşı Samir Oruclu və federasiyanın sədr müavini Vüqar Məmmədov iştirakçılara uğurlar arzulayıblar.
İlk üçlükdə qərarlaşan paralimpiyaçılara diplom və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirmə məqsədilə fəxri fərmanlar təqdim edilib.