REGİONLAR


Bocciaçıların “Heydər Əliyev Kuboku” uğrunda muxtar respublika turniri uğurla başa çatıb

Naxçıvan, 16 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan sağlamlıq imkanları məhdud uşaqlar və məhdud fiziki imkanları şəxslər arasında “Heydər Əliyev Kuboku” uğrunda boccia idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində çıxış edən gənclər və idman naziri Ramil Hacı ölkəmizdə həyata keçirilən idman siyasətinin əhəmiyyətini qeyd edib. Bildirib ki, müasir idman tariximizin, uğur və nailiyyətlərimizin əsası ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı dövrə təsadüf edir. Məhz dahi şəxsiyyətin hakimiyyəti illərində idmançılarımızın beynəlxalq miqyasli idman yarışlarına hazırlığı və iştirakı təmin olunub.

Muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görüldüyünü, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkilinin diqqət mərkəzində saxlanıldığını deyən nazir deyib ki, Naxçıvanda müasir idman obyektləri, o cümlədən olimpiya idman kompleksləri, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırır, istedadlı idmançıların yetişməsi təmin olunur.

Naxçıvan Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxışında vurğulayıb ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının bərpası, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan müvafiq kateqoriyadan olan şəxslər arasında idmanın reabilitasiyanın bir növü kimi təbliği, onların aktiv şəkildə paralimpiya bölmələrinə cəlb edilməsinə daim diqqət yetirilir. Görülən işlər nəticəsində muxtar respublikanın idman infrastrukturu daha da təkmilləşdirilib, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradılıb.

Qeyd olunub ki, 2006-cı ildə yaradılan federasiyanın hazırda 16 bölməsi fəaliyyət göstərir. Bu bölmələrin imkanlarından isə təqribən 300-ə yaxın paralimpiyaçı istifadə edir. Federasiyanın fəaliyyət dairəsi daha da genişləndirilir, yeni sağlamlıq imkanları məhdud uşaqların müvafiq idman qruplarına cəlbi davam etdirilir.

Muxtar respublikaya növbəti səfərindən məmnunluğunu bildirən Azərbaycan Boccia İdman Federasiyasının baş katibi, boccia üzrə milli komandanın baş məşqçisi İlham Məhərrəmov vurğulayıb ki, Naxçıvanda paralimpiya idman növlərinə, o cümlədən boccia idman növünə maraq günü-gündən artmaqdadır. Sevindirici haldır ki, milli komandamızın heyətinə dəvət olunanlar arasında Naxçıvan paralimpiyaçıları da var və onlar beynəlxalq arenada ölkəmizi təmsil etmək imkanı əldə edirlər.

Çıxış edənlər idmanın inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Sonra ən aşağı yaş qrupu üzrə final görüşü keçirilib. Tədbirdə sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs qrupu üzvlərinin çıxışları alqışlarla qarşılanıb.

Müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsinin iştirakçılarının da dəvət olunduğu turnirin yekun nəticəsinə əsasən, 9-13 yaş qrupunda Mikayıl İsmayıllı, 13-17 yaş qrupunda Cəlal Mürsəlli, məhdud fiziki imkanlı şəxslər arasında isə İlqar Yunisov qalib adını qazanıb.

Sonda ilk üçlükdəki paralimpiyaçılar mükafatlandırılıblar. Azərbaycan Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov Naxçıvan Paralimpiya Federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə təltif olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.