DÜNYA


“Boeing” və “Raytheon” epidemiya səbəbindən yenidən ixtisarlara hazırlaşır

Bakı, 29 oktyabr, AZƏRTAC

ABŞ-ın “Boeing” və “Raytheon” şirkətləri COVID-19 pandemiyasının yaratdığı böhranın təsiri ilə yenidən ixtisarlara hazırlaşır.

AZƏRTAC xəbər verir ki, “Boeing”in üçüncü rüb üzrə göstəricilərinə dair açıqlamada, COVID-19 pandemiyası və “737 MAX” tipli təyyarələrin uçuşlarının dayandırılmasının şirkətin maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərməkdə davam etdiyi bildirilib. Belə ki, bu ilin iyul-sentyabr aylarında “Boeing”in gəlirlərinin keçən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalaraq 14,1 milyard dollara düşdüyü qeyd edilib. “Boeing”in açıqlamasında şirkətin ilin üçüncü rübündə 466 milyon dollar itirdiyi bildirilib. Şirkət keçən ilin eyni dövründə 1,2 milyard dollar mənfəət əldə etmişdi.

“Boeing”in baş icraçı direktoru Dave Calhoun şirkətin üçüncü rüb üzrə göstəriciləri ilə bağlı açıqlamasında pandemiyadan bu yana likvidliyi artırdıqlarını, xərcləri və istehsal nisbətlərini əhəmiyyətli dərəcədə azaltdıqlarını bildirib. Şirkətə təsiri məhdudlaşdırmaq üçün işçi sayı ilə bağlı qərarların verildiyini deyən D.Calhoun bildirib: “Boeing”in işçilərinin sayının 2021-ci ilin sonunadək 130 min nəfərə düşməsi gözlənilir”.

“Boeing” aprel ayında COVID-19 epidemiyasının təsiri ilə işçilərinin sayını 10 faiz azaldacağını elan etmişdi.

“Raytheon” şirkəti isə 20 min işçisini ixtisar edəcək. COVID-19 pandemiyası səbəbindən şirkətin ticari aviasiya satışlarının azaldığını açıqlayıb. “Raytheon Technologies”in baş meneceri Greg Hayes şirkətin üçüncü rüblə bağlı göstəricilərini qiymətləndirərkən uzun və yavaş bir bərpa prosesi gözlədiklərini söyləyib. Ticari hava trafikinin 2023-cü ilə qədər 2019-cu ildəki səviyyəyə qayıtmasının gözlənilmədiyini qeyd edən G.Hayes xüsusilə COVID-19-a yoluxam saylarındakı artım səbəbindən yaxın müddətdə ticari hava trafikində bərpa prosesinin tədricən baş verəcəyini gözlədiklərini deyib.

O, ilin ilk rübündə xərcləri təxminən 2 milyard dollar azaltmaq və 4 milyard dollar nağd pul vəsaitinə qənaət etmək üçün müəyyən tədbirlər gördüklərini xatırladıb, işçi sayını azaltmağın çətin olduğunu, lakin lazımi tədbirləri gördüklərini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.