REGİONLAR
Boks üzrə “Heydər Əliyev Kuboku” uğrunda muxtar respublika turnirinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 13 may, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən boks üzrə “Heydər Əliyev Kuboku” uğrunda yeniyetmə və gənclər arasında keçirilən Naxçıvan Muxtar Respublika turnirinin yekun tədbiri olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Musiqi və Rəqs Ansamblının bir-birindən rəngarəng çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.
Sonra final görüşlərinə start verilib. 7 komandanın 90-a yaxın dəri əlcək sahibi 16 çəki dərəcəsində qalibi müəyyənləşdirməyə çalışıb. Olimpiya sistemi üzrə keçirilən turnirin yekun nəticəsinə əsasən Rəhim Süleymanov (38 kiloqram), Fikrət Abbaslı (40 kiloqram), Sənan Muxtarov (42 kiloqram), Ucar Musayev (46 kiloqram), Uğur Əliyev (48 kiloqram), Məhəmməd Əliyev (50 kiloqram), Məhəmmədəli Qasımov (52 kiloqram), Elbrus Kərimli (54 kiloqram), Murad Babazadə (57 kiloqram), Elgün Rzalı (60 kiloqram), Sarvan Abdullazadə (63 kiloqram), Nadir Cəfərov (67 kiloqram), Nofər Əlizadə (71 kiloqram), Türkeş Mustafayev (75 kiloqram), Kənan Allahverdiyev (80 kiloqram) və Sərvər Abdullayev (80+ kiloqram) öz çəki dərəcələrində turnirin qalibi adını qazanıblar.
Fəal iştiraklarına görə qızlar arasında Lalə Namazlı və Gülay Hümbətova da mükafata layiq görülüblər.
Komanda hesabında “Heydər Əliyev Kuboku”nu “Naxçıvan” komandası qazanıb.
Sonda qaliblər mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov təqdim ediblər.