REGİONLAR
Boks üzrə Naxçıvan şəhər açıq birinciliyində 50 idmançı qüvvəsini sınayıb
Naxçıvan, 13 iyul, AZƏRTAC
İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmə və gənclər arasında keçirilən boks üzrə Naxçıvan şəhər açıq birinciliyində 24 çəki dərəcəsində 50 idmançı qüvvəsini sınayıb.
AZƏRTAC xəbər verir ki, birincilik Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Yarışdan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov çıxış edərək bildirib ki, yarışın keçirilməsində məqsəd Naxçıvan şəhərində yeniyetmə və gəncləri idmana cəlb etməklə, onları zərərli vərdişlərdən uzaq tutmaqdan ibarətdir. Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev yarışın qaydaları haqqında idmançılara məlumat verərək onlara uğurlar arzulayıb.
Sonra birinciliyə start verilib.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Kəngərli və Ordubad rayonlarının boksçuları da qüvvələrini sınayıblar.
Gərgin mübarizə şəraitində keçən yarışların nəticələrinə görə hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.