REGİONLAR
Boks üzrə Naxçıvan şəhər birinciliyində 30-a yaxın idmançı qüvvəsini sınayıb
Naxçıvan, 19 dekabr, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən yeniyetmələr arasında boks üzrə Naxçıvan şəhər birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, birincilik Naxçıvan Muxtar Respublikası Boks Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 9 çəki dərəcəsində 30-a yaxın dəri əlcək sahibi qüvvəsini sınayıb. Gərgin mübarizə şəraitində keçən yarışda Nemət Yusifli, Ümid Abbasov, Murad Nağıyev, Ayxan Quliyev, Ayxan Süleymanov, Yusif Əliyev, Kamran Allahverdiyev, Əbülfəz Xəlilli və Teymur Hacızadə müvafiq olaraq 35, 44, 46, 48, 50, 52, 57, 63 və 70 kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi adını qazanıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.