DÜNYA
Boks üzrə keçmiş dünya çempionu Pakyao Filippin prezidenti seçkilərinə qatılacaq
Tokio, 20 sentyabr, AZƏRTAC
Boks üzrə səkkiz çəki dərəcəsində keçmiş dünya çempionu Menni Pakyao 2022-ci ildə keçiriləcək Filippin prezidenti seçkilərinə qatılacaq.
AZƏRTAC Filippin KİV-lərinə istinadla xəbər verir ki, bu barədə o, Manilada keçirilən tədbir zamanı bəyan edib.
“Mən döyüşçüyəm və istər rinqdə, istərsə də ondan kənarda həmişə döyüşçü olaraq qalacağam. Mən Filippin prezidenti vəzifəsini tutmaq üçün namizədliyimi irəli sürmək təklifini qəbul edirəm”, - deyə 42 yaşlı M.Pakyao bildirib.
Qeyd edək ki, məşhur boksçu hazırda hakim FDP-Laban Partiyasından Filippin parlamentinin üzvüdür və onun səlahiyyət müddəti 2022-ci ildə başa çatacaq. Hazırda Filippin prezidenti vəzifəsini 2016-cı ildə bu vəzifəyə seçilmiş Rodriqo Duterte tutur.
Xatırladaq ki, M.Pakyao avqustun 22-də keçirilmiş görüş zamanı Dünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə superçempion adını qaytara bilməyib. O, bu görüşdə hakimlərin qərarına əsasən həmin titulun sahibi kubalı Yerdenis Uqasa məğlub olub.
M.Pakyaonun boks karyerasında peşəkar rinqdə 62 qələbəsi (bunlardan 39-u nokautla), 8 məğlubiyyəti və 3 heç-heçəsi var. O, boks tarixində səkkiz kateqoriya üzrə dünya çempionu olmuş yeganə boksçudur.
M.Pakyao karyerası boyunca çəki dərəcəsindən asılı olmayaraq uzun müddət ən yaxşı boksçu hesab edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio