İDMAN
Boks üzrə ölkə çempionatının ikinci günündə 31 döyüş keçirilib
Bakı, 10 yanvar, AZƏRTAC
Şağan Olimpiya İdman Kompleksində böyüklər arasında boks üzrə ölkə çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə 31 döyüş keçirilib. Çempionatda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə turnirə qələbə ilə başlayıb. O, ilk görüşdə Orxan Süleymanovu məğlub edib.
Gənclərdən ibarət milli komandamızın üzvü Tayfur Əliyev (56 kq) ikinci qələbəsini qazanıb. Naxçıvan boksçusu prinsipial rəqiblərindən olan Fərid Ağamoğlanovu üstələyib. Uzun fasilədən sonra yenidən rinqə qayıdan gənclər arasında 2010-cu ilin dünya çempionu Şaban Şahpələngov da ilk qələbəsini qazanıb. Bu dəfə 64 kiloqram çəki dərəcəsində çıxış edən boksçu texniki nokautla Salman İbrahimovu məğlub edib.
Əvəllər “Baku Fires” klubunun heyətində WSB liqasında döyüşən Xaybulla Musalov (75 kq) “Gilan” klubunun üzvü kimi Azərbaycan çempionatında fərqlənib. Ötən il eyni yarışda birinci yeri tutmuş X.Musalov Mingəçevir nümayəndəsi Rauf Hacıyevi yarışdan kənarlaşdırıb. Azərbaycan çempionatında debüt edən Kuba əsilli Rayko Santana da ilk qələbəsini qazanıb. O, Sərxan Orucludan üstün olub. Bu çəkinin favoritlərindən sayılan Kamran Şahsuvarlı isə ikinci görüşündə “Qəbələ” klubunun üzvü Ruhin Şabanovu məğlub edib.
Milli komandamızın üzvlərindən Rauf Rəhimov (81 kq), Kamran Mehdiyev (91 kq-dan yuxarı) də yarışa qalibiyyətlə başlayıblar.