REGİONLAR
Boks və poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər birinciliklərinə yekun vurulub
Naxçıvan, 9 oktyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə yeniyetmə və gənclər arasında keçirilən boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək, Ordubad, Culfa və Şərur rayonlarının idmançıları da mübarizə aparıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 31 çəki dərəcəsində 80-ə yaxın dəri əlcək sahibi qüvvəsini sınayıb.
Gərgin mübarizə şəraitində keçən döyüşdə hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla mükafatlandırılıblar.
Naxçıvan şəhərindəki “N” hərbi hissənin təlim-məşq meydanında payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən şəhər birinciliyinə də yekun vurulub.
Yarışda 14 tam orta məktəbin komandası iştirak edib. Reqlamentə əsasən komandalar 100 və 2000 metr məsafəyə qaçış, qumbaraatma və turnikdədartınma növlərində güclərini sınayıblar.
Yarışın yekununa əsasən 662 xalla 9 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. 519 xalla 16 nömrəli tam orta məktəbin komandası ikinci, 515 xalla 15 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Sonda qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə təltif ediliblər.
Qeyd edək ki, 9 nömrəli tam orta məktəbin komandası oktyabr ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcək.