İDMAN
Boks yarışlarının üçüncü günü Azərbaycan idmançıları üçün uğurlu olub
























Bakı, 18 iyun, A.Yadigarov, S.Allahverdiyeva, AZƏRTAC
İyunun 18-də - birinci Avropa Oyunlarında boks yarışlarının üçüncü günündə azarkeşlər gərgin və maraqlı qarşılaşmaların şahidi olublar.
AZƏRTAC xəbər verir ki, günün birinci yarısında onaltıdabir final mərhələsində 60, 69 və 81 kiloqram çəki dərəcələrində keçirilən 8 görüşdə Azərbaycan, Türkiyə, İrlandiya, Ukrayna, Rusiya, Litva, Yunanıstan, Böyük Britaniya, Xorvatiya, İsrail, Belarus, Moldova, Polşa, Ermənistan və Slovakiya boksçuları rinqə çıxıblar.
Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (81 kq) Böyük Britaniya təmsilçisi Coşua Buatsiyə 3:0 hesabı ilə qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi ilə yanaşı, Türkiyə, İrlandiya, Rusiya, Böyük Britaniya, Xorvatiya, Moldova və Polşa idmançıları da qələbəyə sevinən tərəf olublar.
Günün ikinci yarısına 64 kiloqram çəki dərəcəsində idmançıların mübarizəsi ilə start verilib. Bu çəki dərəcəsində çıxış edən Azərbaycan boksçusu Kollazo Sotomayor da yerli azarkeşləri sevindirməyi bacarıb. O da sloveniyalı Edin Sejdinoviçi 3:0 hesabı ilə məğlub edib. Həmin çəki dərəcəsi üzrə keçirilən ilk görüşdə rumıniyalı Daniel Nikulesku ispaniyalı Johan Eduardo Orozko Ojeda üzərində qələbə qazanıb.
Digər çəki dərəcələrində - 75 və 91+ kiloqramlarda Belarus, Fransa, Litva, Ukrayna, Gürcüstan, Macarıstan və Moldova boksçuları növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.