İDMAN


Boksçularımız Gürcüstanda keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər

Bakı, 20 iyun, AZƏRTAC

Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnirə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışa 14 idmançı ilə qatılan Azərbaycan yığması 10 medal qazanıb.

Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi komandanın 7 üzvü finalda qüvvəsini sınayıb. Boksçularımızdan 5-i həlledici görüşü qələbə ilə başa vurub. Belə ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Babayev finalda ermənistanlı Ovane Arutunyanla üz-üzə gəlib. Avropa çempionumuz rəqibinə heç bir şans verməyərək qızıl medala yiyələnib.

Qoridə 51 kiloqram çəki dərəcəsində Azərbaycan finalı da baş tutub. Avropa birinciliyinin bürünc medalçısı Amin Məmmədzadə Tural Sarıyevlə qarşılaşıb. Döyüş Amin Məmmədzadənin qələbəsi ilə başa çatıb. Tural Sarıyev turniri gümüş medalla bitirib.

Kənan Babayevin qardaşı Kamil Babayev (54 kq) də yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz finalda qazaxıstanlı Aslan Aslanovu məğlub edib.

Tacı Tağızadə (60 kq) isə çempionluq üçün Qazaxıstan təmsilçisi ilə gücünü yoxlayıb. Tolebek Saxiyev üzərində inamlı qələbə qazanan idmançı komandamızın aktivinə daha bir qızıl medal əlavə edib.

Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadənin (+92 kq) həlledici görüşdəki rəqibi isə gürcüstanlı Sandro Çerçvadze olub. Həmyerlimiz yerli azarkeşlər önündə döyüşü xeyrinə bitirərək Qoridə 5-ci dəfə Azərbaycan himnini səsləndirib.

Yığmanın digər üzvü Rza Rzazadə (75 kq) isə finalda ukraynalı Aleksandr Balabinə uduzaraq 2-ci yeri tutub.

Komandamızın heyətində Sənan Hətəmov (71 kq), Aslan Mövsümov (86 kq) və Rəşid Məmmədov (92 kq) yarışı 3-cü yerdə bitiriblər.

Beləliklə, Azərbaycan millisi turniri 5 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Bu nəticə ilə Azərbaycan komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, yarışda Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistanın 100-dək boksçusu mübarizə aparıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.