İDMAN


Boksçumuz Alfonso Dominges Tokio Olimpiadasında Azərbaycanın aktivinə ikinci bürünc medalı yazdırıb

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan boksçusu Alfonso Dominges “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında ölkəmizin aktivinə ikinci bürünc medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz yarımfinalda Kuba təmsilçisi, Olimpiya və dünya çempionu Arlen Lopez ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə uduzan idmançımız Olimpiadada mübarizəni bürünc medalla başa vurub.

Bu çəki dərəcəsində final qarşılaşmasının digər iştirakçısı yarımfinalda rusiyalı İmam Xataevi məğlub edən Böyük Britaniya boksçusu Bencamin Uittaker olacaq.

Xatırladaq ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan A.Dominges birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib. İdmançımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada Türkiyə təmsilçisi Bayram Malkanı 5:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, 26 yaşlı Alfonso Domingez 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarının qalibi olub.

Bununla da Azərbaycan boksçularının “Tokio-2020”də mübarizəsi başa çatıb. Olimpiadaya beş idmançı ilə qatılan boks yığmamızın üzvlərindən Tayfur Əliyev (57), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69) və Məhəmməd Abdullayev (+91 kq) “Tokio-2020”ni medalsız başa vurublar.

Azərbaycan millisinin aktivinə digər medalı qadın cüdoçu İrina Kindzerska yazdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.