İDMAN


Boksçumuz Məsud Yusifzadə dünya çempionatına qələbə ilə başlayıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında iki boksçumuz onaltıdabir final mərhələsində çıxış edib.

AZƏRTAC xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Məsud Yusifzadə mərakeşli Səid Mortaji ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 5:0 hesabı ilə məğlub edib. O, növbəti döyüşündə ermənistanlı Artur Hovannisyanı sınağa çəkəcək. Səkkizdəbir final mərhələsinin görüşü sentyabrın 17-də olacaq.

Çempionatda 75 kiloqram çəki dərəcəsində çıxış edən Amin Kuşkov isə ikinci görüşündə rusiyalı boksçu Qleb Bakşi üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sentyabrın 9-da boksçumuz Amin Kuşkov otuzikidəbir finalda Türkmənistan idmançısı Nursahat Pazzievi 4:1, sentyabrın 11-də isə Tayfur Əliyev isveçrəli Tiaqo Puqnonu 5:0, ötən gün isə Lorenzo Sotomayor Avstriya təmsilçisi Yason Mallyanı 3:2 hesabı ilə məğlub ediblər. Sentyabrın 12-də Bəxtiyar Qazıbəyov Qazaxıstan təmsilçisi Zakir Safyullinə uduzaraq çempionatda mübarizəni dayandırıb.

Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 17-dək davam edəcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.