CƏMİYYƏT
Bölgələrdə 25 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bölgələrində inşa etdirilən daha 25 fərdi yaşayış evi şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, müvafiq tapşırıqları əsasında vətəndaş rifahının təminatı istiqamətində mühüm sosial proqramlar ildən-ilə gücləndiyi diqqətə çatdırılıb. Həmin proqramlardan biri kimi, şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş vüsət alıb.
Bunun təzahürü olaraq bu il ölkəmizdə 4,2 milyon vətəndaşa ciddi şəkildə dövlət dəstəyinin göstərilməsini təmin edən sosial islahat paketləri çərçivəsində sosial ödənişlərdə əhəmiyyətli şəkildə artımlar edilməklə, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdləri, əlilliyi olan şəxslərə yönələn müavinətlər orta hesabla 100 faiz artırılıb. Eyni zamanda, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, bu il həmin kateqoriyadan olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 511 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlər də ilin sonuna qədər veriləcək. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7165 mənzil və fərdi ev təqdim edilib.
Yeni fərdi yaşayış evi ilə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.