REGİONLAR


Bölgələrdə Beynəlxalq Qadınlar Günü təntənəli şəkildə qeyd olunub

Kürdəmir, 8 mart, AZƏRTAC

Azərbaycan qadını tarixboyu öz müdrikliyi, işgüzarlığı və saflığı ilə seçilib. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz, xalq adət- ənənələrimiz, ana dilimiz nənələrimizin, analarımızın sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarından məharətlə çıxaraq bu günümüzədək qorunub saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Kürdəmirdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram şənliyində səsləndirilib. Tədbirdə rayon rəhbərlərinin, şəhid analarının, “N” saylı hərbi hissədə çalışan qadınların, habelə rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəallıq göstərən qadınların iştirak etdikləri tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov iştirakçıları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı əminliklə vurğulayıb ki, indiki qlobal dünyada hər bir Azərbaycan qadını ölkəmizin gələcək inkişafı, gənc nəslin milli-məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə bundan sonra da xüsusi diqqət yetirəcək.

Çıxış edənlər ölkəmizdə qadınlara, analara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Bayram mərasimində rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.

Kürdəmir qadınları adından Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu oxunub.

Rəngarəng konsert proqramı qadınların məclisini daha da rövnəqləndirib. Anaların, qadınların şərəfinə şeirlər, mahnılar səsləndirilib.

X X X

İsmayıllı şəhər mədəniyyət mərkəzində 8 Mart- Beynəlxalq Qadınlar Günü təntənəli surətdə qeyd olunub. Çay süfrəsi arxasında keçirilən bayram tədbirində şəhid ailələrindən olan, təhsil və səhiyyə sistemində, dövlət qulluğunda, mədəniyyət sahəsində, sosial-iqtisadi sahələrdə çalışan fəal qadınlar iştirak ediblər. 

Bayram tədbirini rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev açaraq qadınları təbrik edib, ölkəmizdə dövlət-qadın siyasətinin uğurla həyata keçirildiyini, Azərbaycan qadınının ictimai-siyasi, mədəni həyatımızda fəallığının durmadan artdığını söyləyib. Vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan xalqının beynəlxalq miqyasda tanıdılmasında, ölkə qadınlarının həyatına yönəlik sosial siyasətin yüksək səviyyədə həyata keçirilməsində xüsusi xidmətləri vardır.

Tədbirdə iştirak edən xanımlara hədiyyələr təqdim olunub.

Bayram tədbiri mədəniyyət mərkəzinin bədii kollektivinin rəngarəng musiqi proqramı ilə davam etdirilib. Qadınlara həsr olunan şeirlər söylənilib, mahnılar səsləndirilib.

X X X

Göyçayda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli yığıncaq keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə qadınları təbrik edib və vurğulayıb ki, qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiqdir.

Çıxışlarda bu gün Azərbaycan qadınının cəmiyyətdə fəallığı barədə ətraflı danışılıb. Fəxrlə qeyd edilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.

Tədbirdə hər bir iştirakçı qadına bayram hədiyyəsi verilib. Bir qrup qadına səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyətinin fəxri təşəkkürnaməsi təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.