REGİONLAR
Bölgələrdə barama tədarükünə başlanılıb
Bu il ölkə üzrə 250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyi proqnozlaşdırılır
Bakı, 1 iyun, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən ölkənin aqrar sektorunun inkişafına göstərilən qayğı və dəstək kənd təsərrüfatının bütün sahələrində və kənd əməkçilərinin sosial həyatında öz müsbət töhfələrini verməkdədir.
Dövlətimizin başçısının ölkədə ipəkçiliyin sürətli inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının möhkəmləndirilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.
İpəkçiliyin gələcək inkişafı üçün baramaçılığın yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 1,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib, əvvəlcədən tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılıb və bu rayonların ərazilərində nazirliyin və nazirlik tərəfindən respublikaya dəvət edilmiş Çin Xalq Respublikasının mütəxəssislərinin nəzarəti altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilib. Yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100 faiz səviyyəsində çıxış əldə olunub və hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir.
Ölkədə barama istehsalının əvvəlki illə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6000 qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. İpəkqurdu toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edilib və respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin olunub.
İpəkqurdlarının bəslənilməsində kümçülərə metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çin Xalq Respublikasından dəvət olunmuş mütəxəssislərlə birlikdə baramaçılıq rayonlarına ezam olunub, kümçülərə ipəkqurdlarının bəslənilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, onlara qarşılaşdığı çətinliklərin həll olunmasında əməli və metodiki köməklik göstərilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesi davam edir və artıq bir sıra rayonlarda (Ağcabədi, Ağdam, Ağsu, Sabirabad, Zərdab, Bərdə və s.) yaş barama məhsulunun tədarükünə başlanılıb. “Şəki İpək” ASC-dən alınmış operativ məlumatlara əsasən, 2017-ci il 31 may tarixinə müəssisə tərəfindən respublikanın 8 rayonundan 8,5 tona yaxın yaş barama məhsulu qəbul edilib və hazırda bu proses davam edir.
Kənd Təsərrüfatı Nazirliyi və onun yerli təşkilatlarının mütəxəssislərinin rəyinə əsasən cari ildə ölkə üzrə 250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da Prezident İlham Əliyev tərəfindən nazirlik qarşısında barama istehsalı ilə bağlı müəyyən edilmiş hədəflərdən təxminən 2 dəfə çoxdur.