HEYDƏR ƏLİYEV - 100


“Heydər Əliyev İli” çərçivəsində bölgələrdə ədliyyə fəaliyyəti ilə bağlı “Açıq qapı” günləri keçirilib

Sabirabad, 27 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Yanvarın 27-də Ədliyyə Nazirliyi tərəfindən Milli Məclislə birgə “Heydər Əliyev İli” çərçivəsində Şirvan şəhəri və Sabirabad rayonu Heydər Əliyev mərkəzlərində bölgə vətəndaşları üçün ədliyyə fəaliyyəti ilə bağlı “Açıq qapı” günləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbirlərdə nazirliyin işçiləri tərəfindən ədliyyə sahəsində vətəndaşlara göstərilən hüquqi xidmətlər, o cümlədən insanların rahatlığı üçün tətbiq olunan rəqəmsal innovasiyalar barədə ətraflı məlumat verilib, milli qanunvericiliyin “e-qanun.az” elektron resursunun mobil tətbiqi, “Mobil notariat”, “Mobil əhali”, “Elektron məhkəmə”, “ƏN TEZ” xidmət konsepsiyası ilə bağlı təqdimatlar keçirilərək, onların mahiyyəti və ictimai əhəmiyyəti diqqətə çatdırılıb.

Eyni zamanda, nazirliyin aidiyyəti məsul şəxslərinin və Milli Məclisin deputatlarının, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə bölgə vətəndaşlarının, xüsusilə müharibə iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə, o cümlədən nazirliyin ayrı-ayrı istiqamətləri - icra, penitensiar, bələdiyyə fəaliyyəti ilə bağlı suallarına aydınlıq gətirilib, digər qayğıları ilə maraqlanılıb.

Tədbirlərə dəvət olunmuş Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı tərəfindən ödənişsiz hüquqi yardım aksiyası keçirilərək, vətəndaşlara zəruri hüquqi xidmətlər göstərilib.

Elə həmin gün Şirvan və Sabirabaddakı Heydər Əliyev mərkəzlərində yeni ailə həyatı quran gənclərin nikahının və yeni dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli qeydiyyat mərasimləri keçirilib, onlara müvafiq şəhadətnamələr təqdim edilib.

Yeni ailə quranlar və körpələrin valideynləri bu günün onların həyatında xüsusilə əlamətdar olduğunu deyiblər. Bildirilib ki, “Heydər Əliyev İli”nə təsadüf edən nikahın və doğumun təntənəli qeydiyyatı mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlar.

Sonda xoş arzu və təbriklər ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.