CƏMİYYƏT
Bölgələrdə erkən nikahlarla yeni layihənin icrasına başlanıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erkən nikahlara qarşı maarifləndirməyə ailədən və təhsildən başlayaq” layihəsinin icrasına başlayıb.
ADTGT-dən AZƏRTAC-a bildirilib ki, Ucar, Bərdə, Şamaxı və Salyan rayonlarını əhatə edəcək layihə çərçivəsində geniş maarifləndirmə, sosial reklam aksiyaları həyata keçiriləcək.
Layihənin məqsədi regionlarda erkən nikahların qarşısını almaq, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyaları və digər sosial aksiyalar keçirmək, təhsilə və peşə vərdişlərinə motivasiya yaratmaqdır.
Üç ay ərzində davam edəcək layihə çərçivəsində regionlarda erkən nikahlarla bağlı ictimai monitorinqin və sosioloji sorğuların aparılması, gənclərin iştirakı ilə ictimai müzakirələrin, seminar-təlimlərin keçirilməsi, sosial şəbəkələrdə və KİV-lərdə PR kampaniyalarının, virtual ictimai debatların təşkili daxildir.
Layihənin yekununda “Erkən nikahlar: ictimai qınaq və maarifləndirmə” kitabçasının nəşri nəzərdə tutulur.