Bölgələrdə fəaliyyət göstərən QHT-lərin fəaliyyəti yüksək qiymətləndirilib
AzerTAg.az
Qəbələ, 28 avqust (AZƏRTAC). ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinə baş çəkib.
AZƏRTAC xəbər verir ki, görüşdə mərkəzin fəaliyyəti və mövcud şəraiti ilə tanışlıqdan sonra ikitərəfli müzakirələr aparılıb.
Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev qurumun əhatə etdiyi rayonlar, həyata keçirilən layihələr, regionda fəaliyyət göstərən QHT-lərlə aparılan informasiya mübadiləsi haqqında məlumat verib. O, ABŞ səfirliyinin ölkədə fəaliyyət göstərən QHT-lərlə əməkdaşlığından məmnun olduğunu vurğulayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan qonaqpərvərliyə görə təşəkkür edib və regionda fəaliyyət göstərən QHT-lərin Resurs və Təlim Mərkəzinin işini əhəmiyyətli saydığını söyləyib. O, vətəndaş cəmiyyəti institutlarının regionun inkişafında rolunun böyük olduğunu diqqətə çatdırıb.
Görüşdə əməkdaşlığın perspektivləri istiqamətində müzakirələr aparılıb.
Xəbərin mətnində orfoqrafik səhv var