REGİONLAR
Bölgələrdə fiziki və hüquqi şəxslərin anbarlarında fumiqasiya tədbirləri görülüb
Bakı, 19 iyun, AZƏRTAC
İyundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya Mərkəzi tərəfindən respublikamızın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri həyata keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar fiziki və hüquqi şəxslərin müraciəti əsasında xarici ölkələrə ixrac olunan meşə materialları, pambıq və fındıq məhsulu, buğda kəpəyi saxlanılan, eləcə də ölkə daxilində yetişdirilən məhsullar üçün nəzərdə tutulan anbarlar, elevatorlar və digər saxlanma yerlərində, ümumilikdə 210 min 347.4 kubmetr sahədə zərərsizləşdirmə tədbirləri görülüb.
Belə ki, fumiqasiya tədbirləri ixrac olunması planlaşdırılan 146,5 ton fındıq məhsulu, 138,9 ton buğda kəpəyi, 2 min 181 ton pambıq məhsulu, 9 min 36 kubmetr meşə materialı, eləcə də daxili istehlak üçün nəzərdə tutulan məhsullar və istehlak malları saxlanılan 196 min 165 kubmetr anbar və digər saxlanma yerlərində aparılıb.
Zərərsizləşdirmə tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması – kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin aparılmasının zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması qaydaları izah edilir. Zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir, fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Son zamanlar dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir.
Fumiqasiya tədbirləri həyata keçirilməyən anbarlarda və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır.