REGİONLAR
Bölgələrdə istehsal olunan məhsullar dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldiləcək
Yevlax, 11 fevral, AZƏRTAC
Hər bir bölgədə yerləşən təhsil müəssisələrinin, körpələr evi-uşaq bağçalarının, xəstəxanaların, hərbi hissələrin ərzaq təminatı həmin bölgənin istehsal imkanları hesabına təmin olunarsa, rayonlara böyük həcmdə vəsaitlər daxil olar, yerli istehsal stimullaşar.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yevlaxda istehsalçı və satınalan təşkilat nümayəndələri ilə keçirilən müşavirədə bəhs edilib.
Tədbirdə Cəmiyyətin struktur bölmə rəhbərləri, Yevlax, Ağdaş, Ucar, Göyçay rayonları və Mingəçevir şəhəri üzrə satınalan təşkilatlar və yerli icra nümayəndələri iştirak ediblər.
Müşavirədə çıxış edən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin idarə heyətinin sədr müavini Xaliq Məmmədov bildirib ki, bölgələrdə keçirilən bu görüşlərin məqsədi regionlarda istehsal-tədarük potensialının aşkara çıxarılması, bölgədə istehsal olunan məhsulların dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldilməsi, eləcə də təchizat səviyyəsinin yüksəldilməsi məqsədi ilə təkliflərin dinlənilməsidir.
Regional müşavirədə çıxış edən ASC-nin departament müdiri Abbas Hacıyev tədarük prosesinə hazırlıqla bağlı məsələlərdən danışıb. Bildirilib ki, Cəmiyyət respublikanın istənilən bölgəsində, məhsulun həcmindən asılı olmayaraq, orta bazar qiymətlərinə fermerlərdən satın alınmasına hazırdır. Məhsulu olan istehsalçılar Cəmiyyətə müraciət edərək, elektron portalda qeydiyyatdan keçməli, təkliflərini yerləşdirməlidirlər.
Müşavirədə dövlət satınalan təşkilat nümayəndələrinin sualları cavablandırılıb. Tədarük-təchizat səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı səsləndirilən təkliflər qeydiyyata alınıb, bəzilərinin dərhal icra edilməsi ilə bağlı struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.
Çıxış edənlər Cəmiyyətin fəaliyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Salyan və Kürdəmirdə Aran bölgəsinin, Sumqayıtda isə Abşeron regionunda fəaliyyət göstərən dövlət satınalan təşkilatlarının 400 nəfərdən çox nümayəndəsi ilə işgüzar görüşlər keçirib. Satınalan təşkilatlarla maarifləndirici regional müşavirələr davam etdiriləcək.