REGİONLAR
Bölgələrdə koronavirus əleyhinə peyvəndləmə aparılır
Ağsu, 21 yanvar, AZƏRTAC
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na uyğun olaraq respublikamızda əhalinin vaksinasiyasının birinci mərhələsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 21-dən Ağsu Rayon Mərkəzi Xəstəxanasında vaksinasiya prosesinin birinci mərhələsinə start verilib. Belə ki, ilkin olaraq rayonun tibb işçiləri peyvənd olunurlar. Bu məqsədlə xəstəxanada 2 peyvənd otağı, bir təcili yardım otağı, habelə qeydiyyat şöbəsi ayrılıb. Vaksinasiya işini 3 nəfər həkim, 10 nəfər orta tibb işçisi, habelə 3 nəfər qeydiyyatçı görür.
Qeyd edək ki, rayonda 554 nəfər tibb işçisi var. Tərtib olunan qrafikə əsasən hər gün 100 nəfər peyvənd ediləcək.
Zərdab rayonunda da koronavirus pandemiyası təhlükəsinə qarşı bu gündən əhalinin peyvənd edilməsinə başlanıb.
Vaksinasiya prosesinin planlı şəkildə, uğurla aparılması üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə qərargah və xüsusi qrup yaradılıb.
Rayonda ilkin olaraq xüsusi risk qrupuna daxil olan tibb işçiləri peyvənd olunurlar. Vaksinasiya üçün rayon mərkəzi xəstəxanasında peyvənd otağı ayrılıb, burada TƏBİB-in təlimatına uyğun zəruri şərait yaradılıb.
Hazırda şəhər, qəsəbə və kənd ərazi icra dairələri üzrə nümayəndəlikləri aidiyyəti qruplarla birlikdə əhali arasında təşkilatı-izahat işləri aparırlar.
Yanvarın 21-də Kürdəmir, Ucar, Qobustan rayonlarında da COVID-19 infeksiyasına qarşı əhalinin mərhələli vaksinasiyasına başlanılıb. Hər yerdə ilkin olaraq tibb işçiləri peyvənd olunurlar. Peyvəndin ikinci dozası 21 gündən sonra vurulacaq.