MƏDƏNİYYƏT


Bölgələrdə müxtəlif mədəniyyət tədbirləri təşkil edilib

Bakı, 28 yanvar, AZƏRTAC

Biləsuvar Regional Mədəniyyət İdarəsi (RMİ) Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Fədakar ömür” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Ulu Öndər haqqında filmə baxıblar.

Sumqayıt RMİ üzrə mətbuatla işin təkmilləşdirilməsi, sosial şəbəkələrdə maarifləndirmə və təbliğatın daha səmərəli təşkili məqsədilə işçi qrupu yaradılıb. Qrupun ilk iclasında çıxış edən idarə rəisi Rəşad Əliyev müasir dövrdə sürətlə inkişaf edən informasiya texnologiyalarının həyatımıza sirayət etdiyini bildirib, bu xüsusda sosial şəbəkələrin yeri və rolundan bəhs edib. İşçi qrupu üzvlərinin fikir və təklifləri dinlənilib, gələcək addımlar müəyyən olunub və həyata keçiriləcək mədəniyyət tədbirlərinin məzmunu, habelə müəssisələrarası koordinasiyanın gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

İdarənin əhatə etdiyi Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi şəhidi Əlizamin Mustafalının ailəsinə baş çəkib. Əməkdaşlar şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb, ailənin qayğıları ilə maraqlanıb.

İsmayıllı RMİ-nin Qəbələ Dövlət Rəsm Qalereyası Vətən müharibəsi şəhidi Qoşqar Üzeyirovun doğum günü münasibətilə “Torpaq qanla qarışanda Vətən olur” mövzusunda tədbir təşkil edib. Tədbirdə çıxış edənlər Vətən müharibəsində şücaət göstərən qəhrəman oğullarımız haqqında söhbət açıblar. Daha sonra şəhid Qoşqar Üzeyirov haqqında hazırlanmış videoçarxa və Vətən müharibəsi şəhidlərinin fotolarından ibarət sərgiyə baxış keçirilib.

Gəncə RMİ-nin Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı yazıçı, publisist, repressiya qurbanı Seyid Hüseynin (1887-1938) anadan olmasının 135 illiyi ilə əlaqədar tədbir keçirib. Tədbirdə yazıçının “Mehriban”, “Həzin bir xatirə”, “Şirinnaz”, “Gilan qızı”, “Sarıköynək” və digər hekayələri haqqında məlumat verilib.

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı Füzuli rayon mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə ötən il görülən işlər təhlil edilib, yeni ildə mədəniyyət işçilərinin qarşısında duran əsas işlərdən bəhs olunub. Ötən il səmərəli fəaliyyəti ilə fərqlənən mədəniyyət müəssisələrinin bir qrup əməkdaşı regional idarənin fəxri fərmanı ilə təltif edilib.

Sabirabad RMİ-nin Saatlı rayon Mədəniyyət Mərkəzinin Orta Muğan kənd klubu və kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib. Bədii qiraət dərnəyi üzvlərinin ifasında vətənpərvərlik ruhlu şeirlər səsləndirilib. Sonra məktəblilərin iştirakı ilə “Qarabağ Azərbaycandır!” fləşmobu keçirilib.

Bölgələrdə ərazi bütövlüyümüzün bərpasında canından keçən, xalqımıza Qələbə qüruru yaşadan Vətən qəhrəmanlarının adlarının əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Kürdəmir rayonunun Ərəbqubalı kəndində Vətən müharibəsi şəhidi Nurlan Eminovun xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimində rayon rəhbərliyi, din xadimləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, Qarabağ Zəfəri xalqımızın birliyi, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı sayəsində qazanılıb.

Tərtər rayonunun Sarıcalı kəndində də şəhidlərin xatirəsinə inşa edilən bulağın açılışı keçirilib. Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Sarıcalı şəhidlərindən, onların Vətən müharibəsində göstərdikləri şücaətdən danışılıb, Vətən fədailərinin əziz xatirəsinin daim qəlblərdə yaşayacağı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.