MƏDƏNİYYƏT


Bölgələrdə müxtəlif səpkili mədəniyyət tədbirləri keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC

Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ) Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasında fonda daxil olan yeni kitabların sərgisi keçirilib. Sərgidə Azərbaycan, rus və ingilis dillərində 400 nüsxədən çox kitab nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, MKS-nin 15 saylı kitabxana filialının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən Xudadat bəy Rəfibəylinin (1877-1920) anadan olmasının 145 illiyi ilə bağlı tədbir keçirilib. Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə tarix müəllimi Tükəzban Əsgərova, kitabxana müdiri Aynur Rzayeva və məktəbin 9-cu sinif şagirdləri mövzu ilə bağlı çıxış ediblər. Bildirilib ki, X.Rəfibəyli Cümhuriyyətin səhiyyə naziri işləyib, Yelizavetpol (Gəncə) quberniyasının qubernatoru olub.

Gəncə şəhər Mədəniyyət Mərkəzində şəhidlərin xatirəsinə həsr olunan “Vətən mənim bu günüm...” adlı tədbir təşkil olunub. Çıxış edənlər Vətəni qorumağın hər bir ölkə vətəndaşının ümdə borcu olduğu diqqətə çatdırılıb.

İsmayıllı RMİ Qobustan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Müasir dövrümüzdə bəşəriyyətin bəlası olan narkomaniya və dini radikalizm ilə mübarizə” mövzusunda tədbir keçirilib. Çıxışlarda son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyi, dövlət orqanlarının bu sahədəki fəallığının artması qeyd olunub. Sosial bəlaya qarşı aparılan mübarizə məqsədilə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi vurğulanıb.

Ağdaş RMİ Ucar Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Bu günün şagirdi, gələcəyin əsgəri” adlı tədbir keçirilib. Tədbirdə Birinci Qarabağ müharibəsi iştirakçısı Əvəz Süleymanov çıxış edərək döyüş yolundan söhbət açıb, eləcə də Azərbaycan əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb.

Göyçay rayon MKS-də “Nazim Hikmət dünyası” adlı tədbir təşkil olunub. Görkəmli türk şairi Nazim Hikmətin (1902-1963) anadan olmasının 120 illiyi münasibətilə gerçəkləşən tədbirdə çıxış edənlər qələm sahibinin insan dünyasının zənginliyini, duyğu aləminin incəliklərini, həyatın mürəkkəbliyini bütün dolğunluğu ilə əks etdirən türk şeiri tarixində əbədiyaşar korifey sənətkar olduğunu qeyd ediblər. Sonra şairin əsərlərindən ibarət sərgiyə baxış olub.

Ağstafa RMİ Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası şəhər istirahət parkında “Prezidentin hədiyyəsi” başlıqlı səyyar sərgi təşkil edib. Sərgi Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamının təbliği məqsədilə təşkil edilib. Sərgidə “Oxu, öyrən tarixini”, “Gənclər tarixi olduğu kimi bilməlidirlər” – İlham Əliyev”, “Tariximiz, şərəfimiz” bölmələrində müxtəlif mövzularda 80-dən çox kitab nümayiş olunub.

Xaçmaz RMİ Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi “Vətən üçün oxu” adlı maarifləndirici layihə həyata keçirir. Layihə çərçivəsində şəhid və qazi övladları, eyni zamanda, imkansız ailələrin uşaqları məktəb ləvazimatları, kitablarla təmin edilir, təhsillə bağlı söhbətlər aparılır. Vətən müharibəsi şəhidi Nazir Xurşudovun ailəsi ilə görüş keçirilib, ailəyə məktəb ləvazimatları və müxtəlif mövzulu kitablar hədiyyə edilib.

Siyəzən şəhərində Vətən müharibəsində şanlı Qələbəmizin şərəfinə “Dəmir yumruq” abidəsi ucaldılır. Şəhərin Molla Pənah Vaqif küçəsində yerləşəcək abidənin əsas elementlərini Azərbaycan xəritəsi və “Dəmir yumruq” simvolları təşkil edir. Eyni zamanda, abidə “Biz birlikdə güclüyük!” mesajını verəcək. Xəritə üzərində Qız qalası, Xudafərin körpüsü, İmamzadə kompleksi və s. əks olunacaq.

Sumqayıt RMİ-də yeni ilin ilk müşavirəsi keçirilib. İdarə rəisi Rəşad Əliyev Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. O, həmçinin “Şuşa İli” çərçivəsində təşkil olunacaq tədbirlərin rəngarəng və genişmiqyaslı olmasının vacibliyini vurğulayaraq, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib. İdarə rəisi Mədəniyyət Nazirliyinin müasir idarəetmə üsullarının tətbiqi, şəffaflıq və səmərəliliyin artırılması və ən əsası, insan kapitalının müasir tələblərə uyğunlaşdırılması və inkişaf etdirilməsi ilə, habelə strateji prioritetlər haqqında ətraflı bəhs edib. Vurğulanıb ki, cari ildən hər bir müəssisənin iş effektivliyi KPİ indikatoru (Əsas Effektivlik Göstəriciləri – Key Performance İndicator) üzrə dəyərləndiriləcək.

Qubadlı rayon Fəxrəddin Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbinin 6-cı sinif şagirdi Aylin Əsədli Azərbaycan Gənclər İttifaqının dəstəyi ilə keçirilən “Ümid-2021” beynəlxalq incəsənət və rəqs müsabiqəsində 11-12 yaş kateqoriyasında fortepiano üzrə 3-cü yerə layiq görülüb. Yeniyetmə pianoçunun uğurunda bədii rəhbər, konsertmeyster Ülviyyə Məlikovanın da xüsusi xidmətləri var.

Şəki RMİ Qax rayon İbaxlı kənd kitabxanası və Diyarşünaslıq klubunun birgə təşkilatçılığı ilə “Şuşa İli” ilə bağlı “Xarıbülbül ətri gəlir” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə iştirak edən məktəblilər, kitabxananın fəal oxucuları Şuşaya həsr olunmuş şeir və mahnılar səsləndiriblər.

Lənkəran RMİ Lerik rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi və “Azərbaycan qadını elmdə” təşkilatının birgə tərəfdaşlığı ilə 13-18 yaşlı məktəbli qızlar üçün nəzərdə tutulmuş regional seminarlar keçirilib. Seminarlar Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində təşkil edilib.

Masallı RMİ Yardımlı rayon Heydər Əliyev Mərkəzində Qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə “Azərbaycan xalqı üçün unudulmaz tarix” adlı tədbir gerçəkləşib. Tədbirdə “Qanlı Yanvar” filmi nümayiş olunub və xalqımızın qan yaddaşını özündə əks etdirən “Biz müharibə istəmirik” adlı sərgiyə baxış keçirilib.

Astaralı məktəblilər Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə keçirilən “Postmüharibə dövründə insan hüquqları” mövzusunda uşaq rəsm müsabiqəsində uğur qazanıblar. Astara Dövlət Rəsm Qalereyasının rəsm dərnəyinin üzvləri olan müsabiqə iştirakçılarına təşəkkürnamələr təqdim olunub.

Masallı rayonunun Ərkivan qəsəbəsində Vətən müharibəsi şəhidi Sənan Seyfullayevin adına inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edənlər şəhidin döyüş yolundan, Vətən sevgisindən söhbət açıblar. Sonda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.