MƏDƏNİYYƏT


Bölgələrdə müxtəlif səpkili tədbirlər təşkil edilib

Bakı, 4 dekabr, AZƏRTAC

Ağcabədi Regional Mədəniyyət İdarəsinin (RMİ) Ağdam rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi təşkil edilib. Sərgidə böyük siyasətçinin dövlətçilik fəaliyyətini əks etdirən nəşrlər nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Sumqayıt RMİ-nin Sumqayıt Heydər Əliyev Mərkəzində şəhərdə yaşayan şəhid və qazi övladlarından ibarət “Əmanət” xor kollektivinin təqdimatı keçirilib. Tədbirdə yeni yaradılan kollektivin ifasında vətənpərvər ruhlu mahnılar səsləndirilib.

Sabirabad RMİ-nin təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib. Nümayişdən öncə idarənin rəisi Fərid Qurbanzadə, “Azərbaycan Bayrağı” ordeni və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş polkovnik-leytenant Məmmədbağır Eyyubov və digər qonaqlar çıxış edərək Vətən müharibəsində qazanılan Qələbə haqqında danışıblar.

İsmayıllı RMİ-nin Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev-muzeyində tənqidçi, ədəbiyyatşünas Əli Nazimin (1906–1941) anadan olmasının 115 illiyi münasibətilə tədbir keçirilib. Əli Nazimin həyat və yaradıcılığı haqqında məlumat verilib.

Gəncə RMİ-nin Gəncə şəhər MKS-nin 8 saylı filialının əməkdaşları Vətən müharibəsi qaziləri Yusif Bağırov və Elşən Nağıyevlə görüş keçirib.

Ağstafa RMİ-nin Qazax Dövlət Rəsm Qalereyasında Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə sərgi təşkil olunub.

Ağstafa və Gəncə RMİ-lərin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində Vətən müharibəsində Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümü münasibətilə tədbirlər təşkil olunub.

Kürdəmir RMİ-nin Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Zəfər yolunun çıraqları” adlı sərgi açılıb. Sərgidə Beyləqan şəhidləri İbrahim Əsgərov, Hikmət Abbaslı, Elvin İsmayılov, Nurlan Allahverdiyev, Qara Nəsirov, Nicat Məmmədov, Şahin Hüseynli və Zaur Əsədzadənin fotoşəkilləri, hərbi və mülki geyimləri, şəxsi əşyaları nümayiş olunub.

Lənkəran RMİ-nin Lənkəran şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib. Tədbirdə şəhidlərimizə həsr edilmiş şeirlər səsləndirilib. Həmçinin Separadi kənd Folklor evinin “Nənələr” folklor kollektivi, Mədəniyyət Mərkəzinin “Babalar” xor və rəqs qrupu, Şağlaser kənd Sənətkarlıq evinin özfəaliyyət kollektivi rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.