REGİONLAR
Bölgələrdə payızlıq əkinlərlə bağlı fermerlərə maarifləndirici təlimlər keçirilir
Bakı, 5 oktyabr, AZƏRTAC
Bu gündən Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə tərəfdaşlığı ilə respublikanın müxtəlif bölgələrində payızlıq əkin mövsümünə hazırlıq məqsədilə fermerlərin maarifləndirilməsi ilə bağlı təlim-seminarların keçirilməsinə start verilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Payızlıq əkinlərdə toxum seçimi və aqrotexniki qulluğun göstərilməsi” mövzusunda ilk seminar-təlim Qobustan Toxum Emalı Zavodunda təşkil olunub.
Dövlət Toxum Fondunun şöbə müdiri Akif Əkbər seminar-təlimdə çıxış edərək bildirib ki, fermerlər yüksək məhsul əldə etmək üçün toxumun səpin keyfiyyətinə xüsusi diqqət yetirirlər. Bugünkü təlim bölgələrə uyğun sortların seçilməsinin əhəmiyyəti, toxumla yayıla bilən xəstəliklər və onlara qarşı mübarizə tədbirlərinin aparılması, istehsal olunan toxumun kondisiyaya çatdırılması və digər mövzuları əhatə edir.
Hazırda respublikamızın hər yerində, o cümlədən dəmyə bölgələrdə dənli bitkilər üzrə ilkin toxumçuluğun inkişaf etdirilməsi istiqamətində mühüm işlər aparılır. Bölgədə fermerlərin əkin sahələrində daha çox becərilən buğda və arpa sortları haqqında seminar iştirakçılarına ətraflı məlumat verilib. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır.
Seminarda Dövlət Reyestrində qeydiyyatda olan sortlar və sertifikatlaşdırılmış toxumların tətbiqi, toxum istehsalı məqsədi ilə əkilmiş sahəyə aqrotexniki qulluğun göstərilməsi, müxtəlif bölgələrə uyğun arpa və buğda sortlarının əldə edilməsi, məhsuldar və quraqlığa davamlılığı, növbəli əkin sisteminin tətbiqi mövzularında təqdimatlar keçirilib.
Sonda fermer və toxumçulara maarifləndirici kitabçalar paylanılıb, fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, növbəti seminar-təlim oktyabrın 7-də Tovuzda təşkil olunacaq.