REGİONLAR


Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri başlayıb

Bakı, 6 dekabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şəki, Qax, Zaqatala və Qobustan rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusi təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.

Dövlət Fitosanitar Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Qayabaşı, Sarıca, Qaratorpaq, Bolludərə, Turan, Suçma, Böyük Dəhnə, Baş Layıqçı, Baş Göynük, Şin, Çayqaraqoyunlu və Səbətli kəndlərini əhatə edən 22800 hektarda fitosanitar müşahidələr aparılıb və 20350 hektarın adıçəkilən zərərverici ilə sirayətləndiyi müəyyən olunub. Ümumilikdə, 12750 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb ki, bunun da 8663 hektarı dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib.

Qax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 6710 hektarda payızlıq taxıl sahələrində, meyvə bağlarında, çoxillik otlaqlarda və təbii otlaqlarda siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb və Cəlayır, Ağyazı, Qum, Almalı, Ləkit, Qıpçaq, Əmircan və Əlibəyli kəndlərini əhatə edən 5330 hektarda sirayətlənmə müəyyən olunub. Dövlət büdcəsi hesabına 2046 hektarda kimyəvi mübarizə həyata keçirilib. Aparılmış mübarizənin bioloji səmərəliliyi 89 faiz təşkil edib. Qalan sahələrdə isə mübarizə tədbirləri davam etdirilir.

Zaqatala rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 5450 hektarda müşahidə aparılıb və 1600 hektar sahənin gəmiricilərlə sirayətləndiyi müəyyən olunub. Təsərrüfat subyektləri hesabına 645 hektarda mexaniki, 620 hektarda isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Qobustan rayon ərazisində də adıçəkilən zərərvericilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri başlayıb. Qobustan rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 4900 hektarda müşahidə aparılıb və 2850 hektar sahənin siçanabənzər gəmirici ilə sirayətləndiyi aşkarlanıb. 2618 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb ki, bunun 2598 hektarı dövlət büdcəsi, 20 hektarı isə təsərrüfat subyektləri hesabına olub.

Hazırda adıçəkilən rayonlarda siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.