MƏDƏNİYYƏT


Bölgələrdə silsilə tədbirlər təşkil olunub

Bakı, 13 avqust, AZƏRTAC

Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin əməkdaşları tərəfindən Quba şəhəri ərazisində yerləşən “28 May” adına Mədəniyyət və istirahət parkında səyyar kitabxana xidməti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Bərdə RMİ Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə və Yevlax rayonlarından olan yaradıcı gənclərin, yerli şairlərin iştirakı ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova bu cür görüşlərin gənclərin bədii ədəbiyyata, yaradıcılığa marağının artırılmasına, şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşdırılmasına xidmət etdiyini bildirib. Şairlərin, bədii qiraət ustalarının, gənc könüllülərin səsləndirdiyi şeirlər, “Qarabağ” xalq çalğı alətləri ansamblının solisti Asim Abbasov, VIII Beynəlxalq Muğam Müsabiqəsinin iştirakçıları Əmrah Məmmədov və Tahir Şəfiyevin ifaları tamaşaçılara xoş ovqat yaşadıb.

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin Nizami Gəncəvi adına kitabxana-klubu yeni üzv olan kiçikyaşlı oxucularla “Yayı kitabla keçirək” layihəsi çərçivəsində açıq havada görüş təşkil edib. Görüşdə kitabxananın əməkdaşı Səadət Allahverdiyeva müəssisənin fondunda yer alan uşaq ədəbiyyatı ilə oxucuları tanış edib.

Sabirabad RMİ Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 illiyi münasibətilə “İncə ruhlu zərif xanım – Xurşidbanu Natəvan” adlı sərgi təşkil edilib. Sərgidə muzeyin XX əsrə aid toxuculuq məmulatı cecimlər, XIX-XX əsrlərdə qadınlarımızın geniş istifadə etdiyi mis və gümüş bəzək əşyaları, XX əsrin əvvəllərinə aid olan qadın geyimləri, baş örpəkləri – kəlağayı, zəkiyyə, eyni zamanda tikmə nümunələri nümayiş olunub.

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illik yubileyinə həsr olunmuş “Haqqa yüksələn səs” mövzusunda tədbir keçirilib. Gənclərin İnkişaf və Karyera Mərkəzi Masallı nümayəndəliyi və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə Əhməd Cavadın sözlərinə bəstələnmiş mahnılar sazda ifa edilib.

Gəncə RMİ-nin rəisi Vasif Cənnətov Naftalan şəhər Heydər Əliyev Mərkəzində Goranboy və Naftalan şəhərindən olan aşıqlarla görüş keçirib. Görüşdə aşıq sənətinin inkişaf etdirilməsi, gənc nəsillərə çatdırılması və təbliği barədə söhbət aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.