REGİONLAR


Bölgələrdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Kürdəmir, 10 may, AZƏRTAC 

Kürdəmirdə rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə görkəmli dövlət xadimi, Azərbaycanın böyük oğlu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da səhər saatlarında rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin çoxsaylı nümayəndələri Heydər parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Sonra tədbir dəyirmi masa ətrafında davam etdirilib. Əvvəlcə “Şəxsiyyət” filmi nümayiş olunub.

Çıxışlarda Ümummilli Liderimizin öz Vətəni, xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb. Vurğulanıb ki, dünya dövlətləri arasında nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı dahi şəxsiyyət Heydər Əliyevin vaxtilə yaratdığı möhkəm, etibarlı və möhtəşəm təməl üzərində qurulub. Zaman bir daha göstərdi ki, Ulu Öndərimizin bütün addımları gələcəyə hesablanıb, bugünkü Azərbaycanımızın inkişafı, xalqımızın rifahı üçün atılıb.

X X X

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü Ağsuda da qeyd edilib.

Mərasim iştirakçıları əvvəlcə şəhərin mərkəzində, Heydər parkında Ümummilli Liderin əzəmətli abidəsi önünə gələrək qarşısına çiçəklər düzüb, nurlu xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra parkda təşkil olunan kitab sərgisinə və məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış olub. Heydər Əliyev Mərkəzində iştirakçıları əllərində üçrəngli bayrağımız olan məktəblilər qarşılayıblar. Ulu Öndərə, Azərbaycana həsr olunan şeirlər söylənilib. Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

Daha sonra çıxışlar olub. Natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün çətinlikləri dəf edərək müasir, müstəqil dövlətin qurulması və inkişafı istiqamətində gördüyü işlərdən danışıblar. Ümummilli Liderin uzaqgörən xarici siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən də bəhs olunub.

X X X

Göyçayda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Çıxışlarda ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranan ağır vəziyyət, xalqın təkidi ilə yenidən hakimiyyətə gələn görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin ölkəni bu gərgin vəziyyətdən çıxarması konkret faktlarla diqqətə çatdırılıb. Bildirilib ki, bu gün regionun qüdrətli bir dövlətinə çevrilən Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı sabaha doğru inamla irəliləyir.

Tədbirdə təhsildə və idmanda uğur qazanan rayon məktəblilərinə hədiyyələr verilib.

Sonda məktəblilərin hazırladıqları kompozisiya nümayiş etdirilib.

X X X

Ucarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Mayın 10-da rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Heydər parkında dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra məktəblilərin hazırladığı “İmzalı, möhürlü həqiqətimsən!” adlı tematik tədbir olub. Bildirilib ki, müstəqil Azərbaycan adlı məmləkət və uca Azərbaycan xalqı var olduqca, Heydər Əliyev də daim bizimlə olacaq, Azərbaycanla birgə yaşayacaq.

Sonra Heydər Əliyev haqqında şeirlər, nəğmələr səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.