REGİONLAR
Bölgələrdə vaksinasiya prosesi uğurla icra olunur
Bakı, 22 yanvar, AZƏRTAC
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
AZƏRTAC xəbər verir ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Gədəbəydə də vaksinasiyaya başlanılıb. Bu mühüm tədbirlə bağlı rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə xüsusi vaksin otaqları və peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Hazırda rayonda strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri peyvənd olunur.
X X X
Vaksinasiya prosesinə başlanan bölgələrimizdən biri də Mingəçevir şəhəridir. Şəhər mərkəzi xəstəxanasının keyfiyətə nəzarət rəhbəri Səadət Səmədova peyvəndləmə ilə bağlı açıqlama verərək deyib: “Mingəçevir şəhərində 3 vaksinasiya məntəqəsi və hər birində isə 8 vaksinasiya otağı var. Bütün məntəqələrdə tibb işçiləri vaksinasiyaya cəlb olunub. Gün ərzində 180-200 nəfər peyvəndlənir. İlkin olaraq vaksinasiyaya gələnlər həkim müayinəsindən keçir, qeydiyyatı aparıldıqdan sonra isə vaksinasiya otaqlarına göndərilir. Vaksin olunmuş vətəndaşlar 30 dəqiqə ərzində gözlənilir və hər hansı bir problem olmazsa, evə göndərilir. Bundan başqa onu da qeyd edim ki, Mingəçevirdə olan bütün müəssisələr öz işçilərinin siyahısını xəstəxananın elektron poçtuna göndərir və növbəti mərhələdə onlar vaksinasiyaya cəlb olunacaqlar”.
X X X
Gəncə, Göygöl, Goranboy və Ağstafada da vaksinasiya prosesinə start verilib. Peyvəndin əks təsiri olmadığını bilən tibb işçiləri İlk olaraq bu aksiyaya özləri könüllü qoşulublar.