REGİONLAR
Bölgələrdə yeni peşə təhsili müəssislərinin fəaliyyətə başlaması gənclərin məşğulluğunun təmin edilməsinə dəstək olacaq
Lənkəran, 20 fevral, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin digər regionlarında olduğu kimi, cənub regionunda da gənclərin məşğulluğu məsələsi mühüm əhəmiyyət kəsb edir. Bölgələrdə yeni peşə təhsili müəssislərinin fəaliyyətə başlaması gənclərin məşğulluğunun təmin edilməsində dəstək rolunu oynayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə təhsil nazirinin müavini İdris İsayev Lənkəranda jurnalistlərə müsahibəsində danışıb.
Gənclərin məşğulluğunun təmin edilməsində işəgötürənlərlə peşə təhsili müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılmasının çox önəmli olduğunu söyləyən nazir müavini, peşə təhsili müəssisələrində təhsil alanların işə cəlb edilməsinin vacib olduğunu diqqətə çatdırıb: “İşəgötürənlər peşə təhsili müəssisələrində tədris prosesinin bütün mərhələlərində iştirak etməlidirlər. Biz Lənkəranda fəaliyyət göstərən iri şirkətlərin rəhbərləri ilə görüşdük, onlarla bu istiqamətdə fikir mübadiləsi apardıq. Müzakirələr zamanı aydın oldu ki, işəgötürənlər də bu işdə maraqlıdırlar”.
İdris İsayev deyib: “İşəgötürənlərdən istəyimiz ondan ibarətdir ki, təhsil proqramlarının hazırlanmasında, tələbələrin biliklərinin qiymətləndirilməsində, onların iş təcrübələrinin həyata keçirilməsində və işə götürülməsində fəal iştirak etsinlər”.