MƏDƏNİYYƏT


Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir

Bakı, 24 iyun, AZƏRTAC

Koronavirus infeksiyası və xüsusi karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyinin regional idarələrinin əhatə etdiyi müəssisələr də işini əsasən onlayn formada davam etdirir.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Rəsm Qalereyası 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunmuş “Vətənimin keşiyində” adlı virtual rəsm müsabiqəsi elan edib. Layihənin əsas məqsədi gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, istedadı və yaradıcılıq qabiliyyəti olan uşaqları üzə çıxarmaq və onlara vətənpərvərlik hissini aşılamaqdır.

Müsabiqəyə Sumqayıt şəhərində fəaliyyət göstərən uşaq incəsənət məktəblərinin və rəsm dərnəklərinin şagirdləri qatılır. Hər məktəb 5 şagirdinin müsabiqədə iştirakını təmin edə bilər. Şagirdlər haqqında zəruri məlumatlar Sumqayıt Dövlət Rəsm Qalereyasının “Facebook” səhifəsinin mesaj bölməsinə göndərilir. Müsabiqə iki yaş qrupunda (7-12, 13-17) keçirilir.

Şəki Regional Mədəniyyət İdarəsinin müəssisələri “Mədəniyyətimizi yaşadaq”, “Mədəniyyət birlikdir” onlayn layihələri çərçivəsində təqdimatları davam etdirir.

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası əsasında hazırladığı (quruluş – Аğаəli Cəlilov və İdris İdrisov) tamaşa virtual şəkildə təqdim olunub. Tamaşada Jalə Abdullayeva, Natiq Məmmədov, Günel Vahabova, Şahmar Əsədov, Cavidan Əlizadə, Aytən Xəlilzadə iştirak ediblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Silahlı Qüvvələr Günü ilə əlaqədar “Azərbaycan Ordusu dünyanın ən güclü və qüdrətli ordularındandır” mövzusunda onlayn konfrans keçirib. Eyni zamanda, “Ordum varsa, yurdum var” adlı sərgi təqdim edilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin onlayn müşavirəsi keçirilib. Müşavirəyə idarənin şəhər və rayonlar üzrə nümayəndələri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları qatılıb.

İdarənin rəisi İlyas Hacıyev mədəniyyət müəssisələrində karantin dövründə görülmüş işlərdən, daxil olan məktubların vaxtında icra olunması, uşaq musiqi və incəsənət məktəblərində tədris ilinin sona çatması ilə əlaqədar sənədləşmə işlərinin aparılması, tabe müəssisələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi ilə bağlı tapşırıqlar verib. Sonra müşavirə iştirakçılarının hesabatları dinlənilib.

Regional idarənin tabeliyində olan Tərtər rayon MKS-nin Qarağacı kənd kitabxana filialı tərəfindən səyyar kitabxana xidməti təşkil edilib. Kənd sakinlərinin kitaba və mütaliəyə olan marağını artırmaq məqsədilə təşkil edilən səyyar xidmət zamanı müxtəlif mövzularda kitablar oxuculara çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.