ELM VƏ TƏHSİL
Bolonya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramlarının müzakirəsinə həsr olunmuş seminar başa çatmışdır
Bakı, 22 fevral (AZƏRTAC). “Excelsior” otelində Təhsil Nazirliyi (TN) və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Bolonya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramlarının müzakirəsinə həsr olunmuş seminar fevralın 22-də işini başa çatdırmışdır.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı (Aİ) TAİEX proqramı çərçivəsində keçirilən seminarda quruma üzv ölkələrdən, o cümlədən Belçika, Finlandiya, İsveç və İtaliyadan 5 beynəlxalq ekspert dəvət olunmuşdur.
Ali təhsil müəssisələri prorektorlarının, doktorantura şöbələri müdirlərinin iştirak etdikləri seminarın ikinci günündə “Fəlsəfə doktoru elmi dərəcəsinin Azərbaycanda qəbul edilməsi – problemlər, nəticələr və gözləntilər”, “Fəlsəfə doktoru elmi dərəcəsi üzrə kreditlər və dissertasiya tələbləri – standartlar və qaydalar” mövzusunda alimlərin və xarici ekspertlərin məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.