ELM VƏ TƏHSİL
Bolqarıstan Elmlər Akademiyasının sədri İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şəraiti yüksək dəyərləndirib
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev qonaqları institutda yaradılmış innovativ şəraitlə tanış edib. Akademik bildirib ki, son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır. Alim AMEA-da magistratura pilləsinin yaradılmasını bu sahədə əldə olunan ən mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib.
İnstitutun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verən akademik R.Əliquliyev informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlardan danışıb. Qeyd edilib ki, institutda informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı, proqram mühəndisliyi, e-dövlətin formalaşması, e-təhsil və s. istiqamətlərdə araşdırmalar aparılır.
Y.Revalski rəhbərlik etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, bu elmi müəssisədə Big Data və superkompüter texnologiyaları, informasiya təhlükəsizliyi, proqram mühəndisliyi və digər prioritet istiqamətlərdə elmi tədqiqatlar aparılır. Qonaq AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə BEA-nın İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb, birgə kadr və təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını deyib.
BEA-nın sədri institutda yaradılmış innovativ şəraiti, əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirib, müvafiq istiqamətlərdə elmi əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.