QAN YADDAŞI
Bolqarıstan KİV-lərində 20 Yanvar hadisələri barədə məqalə yayılıb
Sofiya, 20 yanvar, AZƏRTAC
Bolqarıstanın “Fokus” xəbər agentliyi və “Kircaali Haber” qəzeti AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin “1990-cı ilin 20 Yanvar hadisələri nəyi dəyişdirdi?” sərlövhəli məqaləsini dərc edib. AZƏRTAC xəbər verir ki, məqalədə keçmiş Sovet İttifaqı hərbi birləşmələri tərəfindən Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş qanlı qırğınlar barədə məlumat verilir. 20 Yanvar hadisələrini törətməklə SSRİ rəhbərliyinin Azərbaycanda başlayan milli azadlıq hərəkatını boğmaq məqsədi güddüyü qeyd olunur.
Məqalədə Bakıda baş verən hadisələr haqqında xəbər tutan Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək orada sovet rəhbərliyinin xalqımıza qarşı törətdiyi bu antihumanist faciəni qınaması barədə danışılır. Bildirilir ki, 20 Yanvar hadisələrinə ilk hüquqi-siyasi qiymət 1990-cı il noyabr ayının 17-də ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında verilib. Heydər Əliyev tərəfindən hazırlanan və muxtar respublika parlamenti tərəfindən qəbul edilən “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” adlı Qərarda törədilən qırğınlar Azərbaycan SSR-in suveren hüquqlarına, demokratik proseslərə qəsd, dinc əhaliyə qarşı zorakılıq və təcavüz kimi qiymətləndirilib.
Müəllif qeyd edir ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya hücum Azərbaycanın tarixində artıq süquta uğramaqda olan SSRİ-nin rəhbərliyi tərəfindən öncədən düşünülmüş və planlaşdırılmış cəza aksiyası idi. Lakin bu cəza nəinki Azərbaycan xalqının müstəqillik əzmini qırmadı, əksinə, imperiyanın süqutunu daha da sürətləndirdi.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya