İQTİSADİYYAT
Bolqarıstan-Yunanıstan qaz kəmərinin çəkilişində beş şirkət iştirak edəcək
Sofiya, 7 fevral, AZƏRTAC
145 milyon avro dəyəri olan Bolqarıstan-Yunanıstan IGB (Interconnector Greece-Bulgaria) qaz kəmərinin çəkilməsi ilə bağlı tenderə beş şirkət daxil olub.
AZƏRTAC xəbər verir ki, seçilmiş şirkətlər qazın Azərbaycandan Bolqarıstana nəql edilməsi üçün 182 kilometrlik qaz kəməri inşa etməlidir.
Tenderə müraciətləri təqdim etmək haqqını iki bolqar tikinti şirkəti, İtaliyanın “Bonatti” şirkəti, Almaniyanın “Max Streicher” və Yunanıstanın “Terna” şirkətlərinin birgə müəssisəsi, habelə Fransanın “Spiecapag”, “Vinci” və “Bulgarian Trace” şirkətlərin konsorsiumu qazanıb.
Avropa komissarı Maroş Şefçoviçin verdiyi məlumata görə, 2019-cu ildə Xəzər dənizindən Avropanın sərhədinə kimi qaz nəql ediləcək.
Hazırda Avropa İttifaqı layihənin tezləşdirilməsi üçün ekspertlərdən ibarət xüsusi komissiya yaradılmasını müzakirə edir.
Qeyd edək ki, ümumi tenderdə on bir şirkət iştirak etsə də, yalnız beş şirkət tenderin şərtlərinə uyğun gəlib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya